Spirometriya davamlı təngnəfəslik, öskürək, bəlğəm ifrazı kimi respirator simptomlar olduqda, həmçinin siqaret çəkən şəxslərdə, ağciyərlərin funksiyasını qiymətləndirmək məqsədi ilə həkim tərəfindən təyin olunur.
Bu müayinə üsulu bronxial astma, kistoz fibroz, xroniki obstruktiv ağciyər xəstəliyi və ağciyər fibrozu kimi xəstəliklərə diaqnoz qoymağa kömək edir. Diaqnozu təsdiqlənmiş pasiyentlərdə tənəffüs yollarının obstruksiyasının ağırlıq dərəcəsini qiymətləndirmək, müalicənin effektivliyini öyrənmək və sonrakı müalicə taktikasını seçmək mümkündür.
Bundan başqa, spirometriya əməliyyat öncəsi tənəffüs funksiyalarını dəyərləndirmək, habelə revmatoid artrit və digər xəstəliklərdən əziyyət çəkən insanların ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək üçün standart müayinə üsulu hesab olunur.
Spirometriya tam təhlükəsiz və informativ müayinə metodudur. 30-90 dəqiqə davam edən müayinə qeyri-invaziv və ağrısız aparılır.
Müayinə zamanı dərindən nəfəs alınır və spirometrin borusuna dərindən nəfəs verilir. Müayinə vasitəsilə ağciyərin həyat tutumunu, ağciyərə daxil olan və xaric olan havanın həcmini hesablamaq mümkündür.