Diaqnoz Tibb Mərkəzinin peşəkar uroloq-androloqu Dr. Əliabbas İlyasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Sağlam sabah” layihəsinin növbəti tədbirində çıxış edib.
Tədbir zamanı gənclərə sağlam həyatın əsas şərtləri, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələr kimi zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, sağlam qidalanma, gənclərin psixiki vəziyyəti, zorakılığın növləri, kiberzorakılıq, ondan qorunma yolları, özünümüdafiə və qorunma strategiyaları, gənc qızların və oğlanların reproduktiv sağlamlığı və s. kimi mövzulara toxunulub, gəncləri ən çox narahat edən məsələlərə aydınlıq gətirilib.
Universitetin tələbə heyətinin cəlb olunduğu tədbirdə gəncləri maraqlandıran bütün suallar cavablandırılıb.
Tədbirin sonunda tələbələrə sağlam həyat tərzi, zərərli vərdişlər barəsində anonim sorğu təqdim olunub. Sorğunun nəticələrinin emal olunaraq gələcək tədbirlərdə daha aktual məsələlərə aydınlıq gətirilməsi planlaşdırılıb.
Onu da qeyd edək ki, paytaxt ərazisində fəaliyyət göstərən ali və orta məktəblərin tələbə və şagird heyətinin cəlb olunduğu “Sağlam sabah” layihəsinin əsas məqsədi gənc və yeniyetmələrə sağlam həyat tərzinin təbliğidir.
Daha geniş kütləyə çatması üçün layihənin digər ali məktəblərdə, sonrakı mərhələdə isə orta ümumtəhsil məktəblərində həyata keçirilməsi nəzərdə tutulub.