Diaqnoz Tibb Mərkəzinin Baş həkimi Ələddin Cabbarov Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 41-cı ildönümü ilə bağlı anım tədbirində çıxış etmişdir
Aprel ayının 15-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin həyat yolundan ətraflı bəhs etmiş, Azərbaycan tibb elminin inkişafına verdiyi töhvədən danışmışdır.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Zərifə xanım Əliyevanın insanlara göstərdiyi diqqət və qayğını hər bir Azərbaycan vətəndaşı üçün nümunə kimi səciyyələndirmiş, oftalmologiya sahəsində apardığı elmi tədqiqatların bu gün də öz aktuallığını qoruyub saxladığını və yeni nəsil həkimlər üçün bir məktəb kimi xüsusi önəm daşıdığını vurğulamışdır.
Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov çıxış edərək akademik Zərifə Əliyevanın insanpərvərliyindən və həkim etikası sahəsində göstərdiyi nümunəvi fəaliyyətindən bəhs etmişdir. O bildirmişdir ki, Zərifə xanım hər zaman xəstələrə xüsusi həssaslıqla yanaşmış, onların sağlamlığını öz həyatının əsas məqsədlərindən biri hesab etmişdir.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi Elçin İbrahimov çıxışında akademik Zərifə Əliyevanın tibb elminə gətirdiyi yeniliklərdən danışmış, onun elmi araşdırmaların, xüsusilə peşə patologiyaları sahəsində apardığı işlərin beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini bildirmişdir.
Tədbir görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən filmin nümayişi ilə yekunlaşmışdır.





























































