Neyrofizioloji diaqnostikanın müasir aspektləri

Neyrofizioloji diaqnostikanın müasir aspektləri

Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə 22 aprel tarixində Nevroloqlar üçün “Neyrofizioloji diaqnostikanın müasir aspektləri. VİDEO-EEQ-MONİTORİNQ analizi: Norma və patologiya” mövzusunda seminar keçirilib.

Tədbiri giriş nitqi ilə açan Diaqnoz Tibb Mərkəzinin Baş Həkimin Müalicə İşləri üzrə Müavini Tofiq Əkbərov nevrologiya və neyrofiziologiya sahəsində son illər ərzində inqilabi inkişaf getdiyini deyib: “Yaşadığımız əsrdə geniş şəkildə həyatımıza sirayət edən nevrologiyanın təkcə elm deyil, sosial sahədə də təsirli olmaqla dünya miqyasında aktuallığı ilə diqqət çəkir. Bu sahədə yeni müasir üsullar tətbiq edilməyə başlanıb. Elmi tədbirlərin keçirilməsi həkimlərin nəzəri və praktik biliklərinin artırmağa, qarşılıqlı fikir mübadiləsi aparmağa kömək edir”.

Tədbirdə çıxış edən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş Həkimi Elçin İbrahimov həkimlərin beynəlxalq təcrübəyə yiyələnməsinin, özlərini inkişaf etdirməsinin, tibbin bütün sahələri üçün yeni üsulların mənimsəməsinin vacib olduğunu bildirib.

Seminarda Diaqnoz Tibb Mərkəzinin Həkim-neyrofizioloqu Yelena Smirnova çıxış edərək bildirib ki, EEQ yəni Elektroensefaloqrafiya nevroloji xəstəliklərin diaqnostikasında tətbiq olunan önəmli müayinə üsuludur. EEQ və video EEQ monitorinqi epileptik ocaqlarının aşkarlanmasında, qıcolmalar, nevroz və nevrotik hallar, baş ağrıları, başgicəllənmələr, yaddaşın, diqqətin zəifləməsi, tiklər, nitqin ləngiməsi, enurezlər və s. hallarda beynin işini öyrənmək, fəaliyyətini qiymətləndirmək üçün yeganə və əvəzolunmaz üsullardan. Tamamilə zərərsiz və şüasız bir müayinə üsulu olan EEQ uzunmüddətli, yuxu və oyaq halda bütün yaş qruplarında, hətta hamilə qadınlarda və süd verən analarda aparıla bilir.

Seminar çərçivəsində Diaqnoz Tibb Mərkəzinin Tibb üzrə Fəlsəfə Doktoru Radioloq Aydın Mirzəyev və Diaqnoz Tibb Mərkəzinin Nevroloqu, EMQ üzrə mütəxəssis Nərgiz Adıgözəlova çıxış ediblər.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.