Diaqnoz Tibb Mərkəzi
düzgün diaqnoz, keyfiyyətli müalicənin ünvanı!

   

CHECK-UP müayinə Tibbi lüğət Sual cavab Analizin cavabı Məmnun müştərilər
  02-09-2015

Arzuolunmayan hamiləlikdən qorunma üsulları

 

Kontrasepsiya

yaxud arzuolunmayan hamiləlikdən qorunma üsulları

 

Kontrasepsiya nədir? Kontrasepsiya  arzuolunmayan  hamiləlikdən qorunma  deməkdir  və  Ailə  Planlaşdırılmasına  xidmət  edir.  Ailə Planlaşdırılması üsullarının  istifadəsi  hamiləliyin  vaxtının  düzgün seçilməsinə  imkan  yaradır  və  ailənin  istədiyi  vaxt  və  istədiyi sayda  uşaq sahibi  olmaq  hüququnu  təmin  edir.  Bununla bərabər, beynəlxalq  miqyasda  aparılmış  araşdırmalar  və  onların  sübuta yetirilmiş  nəticələri  göstərir  ki,  abortların  sayını  azaldaraq,  ailə planlaşdırılması  ana  ölümünün  azaldılması  yollarından  biridir.

     Abort  yolverilməzdir.  Süni abort  vasitəsilə ailədə uşaqların sayının tənzimlənməsi keçmişə aid bir üsuldur və tibbi savadsızlıqdan xəbər verir. Abortun  istənilən növü potensial risklə bağlıdır və bu çoxsaylı  ölüm, əlillik faktları ilə təsdiqlənir. Hər  beş  qadından birində abortdan sonra sonsuzluq  baş  verir.  Abort - hormonal  stress  və  bundan  irəli gələn  menstrual  tsikl  və mübadilə  pozğunluqları  deməkdir. Etik tərəfdən də baxılsa, hamiləliyin  istənilən həftəsində icra olunan abort - bioloji fərd olaraq insan həyatına qəsdən  son qoymaq kimi qiymətləndirilə bilər.  Bütün  bunları  nəzərə  alaraq  müasir qadın  abortun  baş  verməməsi üçün  əlindən gələni  etməlidir.  Lakin  buna  necə  nail olmalı,  reproduktiv  sağlamlığı  necə qorumalı? Məqaləmiz  məhz  bu  sualların cavablandırılmasına  yönəlib  və

     Məqsədimiz  geniş  elmi  araşdırma  deyil,  yalnız  ən  etibarlı,  təhlükəsiz  və  bu  gün üçün  daha  çox  istifadə  olunan  kontrasepsiya  üsulları  haqqında  məlumat  verməkdir.  Bu üsullar  haqqında  qadın  nə  qədər  çox  məlumatlı  olsa,  seçim  zamanı  o  qədər  əsaslı qərar qəbul  edər.  Qeyd  etmək  lazımdır  ki,  məqalə  informasiya  xarakteri  daşıyır,  uyğun kontrasepsiya  üsulu  həkim  müayinəsindən  sonra,  göstəriş  və  əksgöstərişləri,  əlavə effektləri,  qadının yaşını,  həyat  tərzini,  istəyini  və  bir çox faktorları  nəzərə  alaraq seçilir. Bəs  seçim  zamanı

      Nələrə  diqqət  etməli  və  ya  kontrasepsiya  hansı  tələblərə  cavab verməlidir?

         1. Etibarlılıq,  yaxud  effektivlik .  Kontrasepsiya  üsullarının  100% effektli  olmasını əksər  qadınlar  qanun  kimi  qəbul  edir.  Lakin,  müxtəlif  üsulların  fərqli  effektivliyi  var və bu  eyni  zamanda  onların  düzgün  seçilməsindən və  dəqiq istifadə olunmasından  da asılıdır.  Aşağıdakı  cədvəldə  müxtəlif  üsullar  və  onların  etibarlılıq  dərəcələri  göstərilib.

KONTRASEPSİYA  ÜSULU

ETİBARLILIQ

DƏRƏCƏSİ

Yarımçıq  cinsi  əlaqə

45-50 %

 "Təhlükəsis  günlər" üsulu  ( Təqvim  üsulu)*

55-60 %*

 Uşaqlıq  yolunun  yuyulması

10-15 %

  Prezervativ ( kondom)

50-65 %

  Diafraqma

70-80 %

  Uşaqlıqdaxili  vasitələr ( spiral )

75-80 %

  Hormonal  uşaqlıqdaxili  vasitələr

80-95 %

  Kimyəvi  kontrasepsiya ( şamlar, tamponlar)

75-80 %

  Hormonal  həblər ( oral  kontrasepsiya)

96,5-97 %

  Hormonal  iynələr

96,5-97 %

  Hormonal  implantlar

100 %

  Hormonal  həlqələr ( Nova Rinq) YENİ  ÜSULDUR!

99 %

  Hormonal  kontraseptiv  plastır (Yevra) YENİ  ÜSULDUR!

99,4 %

  Tibbi  sterilizasiya

100 %

  Təcili  postkoital  kontrasepsiya

* bu etibarlılıq  dərəcəsi  yalnız  müntəzəm menstrual tsikl olduqda  mümkündür

        2. Təhlükəsizlik  və  əlavə  təsirlərin  olmaması.  Müasir  kontrasepsiya  üsulları  onların istifadəsinə  əks-göstərişlərin  olmadığı  halda  təhlükəsizdirlər.  Bu  isə  yalnız  həkim tərəfindən  müayinə  və  pasiyentlə  şəxsi  ünsiyyətdən  sonra  təyin  olunur.  Qadının sağlamlıq  durumunu  qiymətləndirmədən  hər-hansı  üsulu  tövsiyyə  etmək  çox  çətindir. Qeyri-düzgün  seçim  həm  üsulun  effektivliyini  azaldır,  həmdə  qadının  müxtəlif  sistem və  üzvləri  tərəfdən  fəsadlara  gətirib  çıxarar.  Kontrasepsiyadan  istifadə  edib-etməmək  hər kəsin  şəxsi  seçimidir.  Lakin  istifadəyə  qərar  verilibsə,  seçim  düzgün  olmalıdır.

        3. Rahat  istifadə  qaydası.  Bəzi  üsullara  gündəlik  nəzarət,  bəzilərinə  ayda  bir  dəfə,  bəzilərinə  isə  6 ayda  bir  dəfə  nəzarət  kifayət  edir.  Aşağıdakı  cədvəldə  müxtəlif  üsulların  istifadə  rejimləri  öz  əksini  tapıb. 

Cinsi əlaqə zamanı

Prezervativ, spermisidlər, yarımçıq  cinsi  əlaqə
Ayda bir dəfə Hormonal həlqə
Həftədə bir dəfə Hormonal plastr
Gündəlik Hormonal həblər
3 il İmplant
3-5 il Uşaqlıqdaxili spiral
Ömürlük Sterilizasiya

4.  Əlavə  müsbət  effektlərin  olması.  Bəzi  üsulların  kontraseptiv  effektdən  əlavə,  digər müsbət  təsirləri  də  mümkündür.  Bunlardan  müəyyən  üsulların  aybaşı  tsiklini tənzimləmək, ağrı  və  qanaxmanı  azaltmaq,  dərinin  vəziyyətini  yaxşılaşdırmaq, bəzi xəstəlikəri  müalicə  etmək,  cinsi  yolla  keçən  xəstəliklərdən  qorumaq  kimi  təsirlərini göstərmək  olar.  Və  nəhayət

5.  Kontraseptivin  istifadəsinin  dayandırılmasının  asanlığı  və  kontraseptiv  effektin  tez bir  zamanda  aradan  qalxması.

 Düzgün  seçim  etmək  üçün  əvvəldən

Özünüz  üçün  nəyi  aydınlaşdırmalısınız?

  • Gələcək  planlar  baxımından:  bir  daha  hamilə  olmağı  planlaşdırırsınızmı  və  hansı müddətdən  sonra?
  • Seksual  münasibətlər  baxımından:  cinsi  həyatınız  müntəzəmdirmi  və  cinsi  yolla yoluxan  xəstəliklərdən  qorunmaq  ehtiyacı  varmı?
  • Gündəlik  həyat  tərzi  baxımından:  çoxmu  məşğulsunuz  və  səyahət  edirsinizmi? Gündəlik  həblərin  qəbulu  mükündürmü, yaxud  daha  uzunmüddətli  təsiri  olan üsula üstünlük  verərdiniz?
  • Hansı  üsul  daha  xoş  olar:  sərbəst  istifadə  etdiyiniz,  yoxsa  həkim  nəzarəti  tələb edən?
  • Müntəzəm  menstrual  tsiklin  olması  sizin  üçün  əhəmiyyətlidirmi?
  • Öz  ideal  kontrasepsiya  üsulunuzu  necə  təsəvvür  edirsiniz?

Həkim sizə hansı sualları  verə bilər?

  • Yaşınız
  • Əvvəllər  hansı  kontrasepsiya  üsulundan  istifadə  etmisiniz?
  • Özünüzün  və  ailə  üzvlərinizin  sağlamlıqla  bağlı  problemi  varmı?
  • Özünüzdə, ananızda, bacınızda  insult (beyin  qansızması), tromboz, süd  vəzi  xərçəngi  olubmu?
  • Miqren (baş ağrıları) olurmu?
  • Hazırda  hər-hansı  dərman preparatı  qəbul  edirsinizmi?
  • Əvvəllər  istifadə  etdiyiniz  üsulların  əlavə  mənfi  təsirləri  olubmu?
  • Gündəlik  həb  qəbulu  mümkündürmü?

Sizin  suallarınız yaranarsa  məqaləni  oxuduqdan sonra,  onları  saytımızın sual-cavab  bölməsinə göndərib, sizi  maraqlandıran  istənilən  suala təcrübəli  və  yüksəkixtisaslı  həkimlər  tərəfindən kvalifikasiyalı  cavablar  ala  bilərsiniz.

P.S. Kontrasepsiya üsullarının hər birinin ətraflı  təsvirləri haqda növbəti məqalələrimizi gözləyin.

 

Dr. Gülər Qarayeva (Həkim-mama-Ginekoloq)